Bakı
İçimdə bir İstanbul,
Təbriz də ruhumdakı…
Bir neft quyusunda
Yuxuya gedib Bakı.
Ötükəndə bir çadır…
Üstünə ağır-ağır
Yay günündə qar yağır,
Div kimi yatıb Bakı.
Paradı bir sinidə,
İmanı da, dini də,
Susanın dərdini də
Çoxdan unudub Bakı.
Yenilmiş bir ulusun,
Qanı axır, kim yusun?
Targovıda namusun,
Arını atıb Bakı.
Talayıb yoxun, varın,
Kasıbların, fağırın,
Dərdlərin ən sağırın,
Ağırın udub Bakı.
Vaxt zalım, dünya gidi,
Kim öldü, kim kiridi…
Neçə-neçə şəhidin
Qanına batıb Bakı.
Ordubadda daş idim,
Daşı dağa daşıdım,
Dəli kimi yaşadım,
Başımı qatıb Bakı.
Rüzgardı – dolub gəlib,
Dəlimi olub gəlib?!
Hamıya qalib gəlib,
Özünü satıb Bakı.
Rüstəm Behrudi